Image

AMB rəsmisi: Kibertəhlükəsizlik mövzusunda xəbərlər yalnız rəsmi mənbələrə əsaslanmalıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov kibertəhlükəsizlik sahəsində jurnalistlərin məsuliyyətinin böyük olduğunu bildirib.

O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməli, müxtəlif fokus qrupları, təlimlər və görüşlər keçirilməli, həmçinin məktəb yaşlarından başlayaraq maarifləndirici materiallardan istifadə edilməlidir.

Elvin Cuvarovun sözlərinə görə, kiberinsidentlərlə bağlı məlumat hazırlanarkən jurnalistlər yalnız təsdiqlənmiş faktlara və rəsmi mənbələrə istinad etməlidirlər.

“Bank və ya hər hansı digər təşkilatla bağlı insident baş verərsə, məlumat yalnız həmin qurumun və ya aidiyyəti rəsmi qurumların təsdiqi əsasında ictimaiyyətə təqdim olunmalıdır. Təsdiqlənməmiş məlumatların yayılması təşkilatın reputasiyasına mənfi təsir göstərə bilər”, – deyə o vurğulayıb.

AMB rəsmisi bildirib ki, zərərli proqram təminatı, fişinq hücumları və digər kibertəhlükələr barədə məlumatlar paylaşılarkən onların növü, təsirə məruz qalan istifadəçilərin sayı və digər göstəricilər də yalnız rəsmi mənbələr əsasında dəqiqləşdirilməlidir.

O, həmçinin şəxsi məlumatların qorunmasının vacibliyinə diqqət çəkərək bildirib ki, bəzi hallarda qeyri-rəsmi xəbər portallarında hadisələrlə bağlı istifadəçilərin bank kartları və digər həssas məlumatları açıq şəkildə paylaşılır. Bu cür məlumatların yayımlanması yolverilməzdir və media nümayəndələri bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər.

Elvin Cuvarov əlavə edib ki, bəzi hallarda təşkilatlar kiberinsidentlə bağlı açıqlama verməkdə gecikə bilərlər. Lakin bu, təsdiqlənməmiş məlumatların yayılması üçün əsas sayıla bilməz və media yalnız dəqiqləşdirilmiş, rəsmi təsdiqini tapmış məlumatları ictimaiyyətə çatdırmalıdır.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti