Zelenski Makronu "Azadlıq" ordeni ilə təltif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu Ukraynanın "Azadlıq" dövlət ordeni ilə təltif edib. Bu barədə Zelenski Parisdə Makronla keçirdiyi görüşdən sonra sosial şəbəkədə məlumat verib.
Zelenskinin sözlərinə görə, Ukrayna ilə Fransa arasında münasibətlər Makronun şəxsi səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
O bildirib ki, görüşdə cəbhədəki vəziyyət, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, həmçinin raketdən müdafiə sisteminin inkişafı və "Könüllülər Koalisiyası"nın iclası ərəfəsində prioritet məsələlər müzakirə olunub.
"Ukraynanı gücləndirmək, hava hücumundan müdafiə sistemimizi möhkəmləndirmək və Avropanın raketdən müdafiə sisteminin inkişafını sürətləndirmək vacibdir. Fransanın bu sahədə kömək edə biləcək imkanları və qabaqcıl texnologiyaları var. Müttəfiqlərimizlə birlikdə bu istiqamətdə işləyəcəyik", – Zelenski qeyd edib.
Mənbə: anews.az