BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlətə məxsus DP World şirkəti ölkənin şərq sahilində, Hörmüz boğazından yan keçməklə neft və digər yüklərin daşınmasını təmin edəcək yeni çoxfunksiyalı liman və konteyner terminalının tikintisini planlaşdırır. Bu barədə Financial Times şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Fuceyra sahilində nəzərdə tutulan layihə BƏƏ-nin əsas logistika mərkəzi olan Cəbəl-Əli limanından asılılığı azaltmağa yönəlib. ABŞ və İran arasında gərginliyin artmasından sonra Cəbəl-Əli limanında fəaliyyətin 90-95% azalması şirkəti alternativ logistika marşrutları axtarmağa vadar edib.
"Bizim öz planımız var və DP World olaraq şərq sahilindəki imkanları fəal şəkildə araşdırırıq. Bu, hər hansı gözlənilməz vəziyyətə qarşı sığorta xarakterli addımdır", - şirkət nümayəndəsi bildirib.
Layihə həyata keçirilərsə, konteynerlər Oman körfəzi vasitəsilə Hörmüz boğazından keçmədən BƏƏ-yə çatdırılacaq, daha sonra isə quru yolu ilə Dubay, Əbu-Dabi və digər Körfəz ölkələrinə daşınacaq.
Şirkət layihə üzrə yekun qərarın hələ qəbul edilmədiyini, BƏƏ hakimiyyəti ilə danışıqların davam etdiyini bildirib. Yekun təsdiq veriləcəyi təqdirdə, tikintinin təxminən 18 ay ərzində başa çatdırılması planlaşdırılır.
Mənbə: anews.az