Kimsə dağıdıb Heydər Əliyev yenidən düzəldib - deputat
Azərbaycan ən böyük itkilərini Heydər Əliyevin hakimiyyətdən kənarda olduğu dövrdə yaşayıb. Bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentdə çıxışı zamanı bildirib. “Heydər Əliyev cəmi beş il müddətində vəzifədən kənarda qaldı və Azərbaycan da nə itirdisə, həmin dövrdə itirdi. Hərc-mərclik də onda başlandı, dövlətin üzərində toplanan problemlər də həmin dövrün nəticəsi idi”, – Musayev deyib. Deputat bildirib ki, Heydər Əliyevin hakimiyyətə hər iki qayıdışı ölkənin ən ağır dövrlərinə təsadüf edib. “Kimsə dağıdıb, Heydər Əliyev düzəldib. Kimsə yenidən dağıdıb, Heydər Əliyev yenidən düzəldib”, - o qeyd edib. Musayevin sözlərinə görə, Heydər Əliyev siyasi fəaliyyəti boyunca müxtəlif təzyiq və təxribatlarla üzləşsə də, tarix onun roluna obyektiv qiymət verib. “Kim nə deyirsə desin, zaman çox ədalətlidir. Heydər Əliyevi hədəf alanlar tarixdə qalmayıblar, Heydər Əliyev isə milyonların qəlbində özünə əbədilik taxt qurub”, - deputat bildirib. Musayev 1990-cı illərdə Heydər Əliyevə dəstək verən siyasətçilərin xidmətlərinin də unudulmamalı olduğunu vurğulayıb. “Heydər Əliyevin ən çətin günlərində ona dəstək olanların əməyini tarixin heç bir dönəmində unutmaq olmaz. Onlar Heydər Əliyevlə birlikdə Azərbaycan dövlətini qurdular, onun bu gününü və sabahını formalaşdırdılar”, – deputat deyib. Gülnar Nazimqızı
Mənbə: anews.az