Image

Qırğızıstan yanacaq təchizatı ilə bağlı Azərbaycana müraciət edib

Qırğızıstan hökuməti daxili bazarda yanacaq təminatını gücləndirmək məqsədilə neft məhsullarının ixracına qoyulan məhdudiyyətləri sərtləşdirib və eyni zamanda idxal qaydalarını sadələşdirib.

Hökumətin rəsmi saytında dərc olunan qərara əsasən, indiyədək yalnız Avrasiya İqtisadi Birliyinin (AAİB) gömrük ərazisindən kənara yanacaq ixracına tətbiq olunan qadağa bundan sonra ittifaqa üzv ölkələrə ixracı da əhatə edəcək.

Qərara görə, nafta, mazut və soba yanacağı istisna təşkil edir. Bu məhsulların xaricdə emal edilməsi və emal olunmuş neft məhsullarının tam həcmdə Qırğızıstana geri qaytarılması şərti ilə ixracına icazə veriləcək. Belə daşınmalar isə hər bir hal üzrə hökumətin ayrıca təsdiqini tələb edəcək.

Hökumət eyni zamanda neft məhsullarının idxalı ilə bağlı prosedurları yumşaldıb.

May ayında Qırğızıstan hökuməti yanacaq təchizatçılarına subsidiyaların verilməsinə başlayaraq, sentyabrın 30-dək alış qiyməti ilə dövlət tərəfindən müəyyən edilən satış qiyməti arasındakı fərqi kompensasiya edib. Lakin iyulun 8-də hökumət AI-95 markalı benzinə tətbiq edilən qiymət tənzimlənməsini və pərakəndə satış qiymət limitlərini ləğv edib.

Qırğızıstan yanacaq tələbatının 90%-dən çoxunu Rusiyadan idxal edir. Rusiyada son aylarda motor yanacağı ilə bağlı yaranan təchizat problemləri fonunda Bişkek alternativ tədarük imkanları üçün Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan və Belarusa müraciət edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti