Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 15-də Ukraynaya səfər edəcək.Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə paylaşım edib.
Sibiqa bildirib ki, Fidanla keçirəcəyi görüşdə tərəflər strateji tərəfdaşlığın qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişafını müzakirə edəcəklər.
O, həmçinin Ukrayna Ali Radasının Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişini ratifikasiya etməsini ikitərəfli münasibətlərdə mühüm mərhələ adlandırıb.
Nazirin sözlərinə görə, saziş uzun illər aparılan mürəkkəb danışıqların nəticəsidir və iki ölkə arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın genişlənməsinə, eləcə də biznes və vətəndaşlar üçün yeni imkanların yaranmasına şərait yaradacaq. Sibiqa əlavə edib ki, strateji tərəfdaş olan Ukrayna və Türkiyə bununla iqtisadi dayanıqlığı, həmçinin Qara dəniz regionunda və onun hüdudlarından kənarda uzunmüddətli rifah və sabitliyi möhkəmləndirirlər.
Mənbə: anews.az