Image

Azərbaycan informasiya təhlükəsizliyi üzrə qlobal reytinqdə 21 pillə irəliləyib - Vüsal Qasımlı

Azərbaycan informasiya təhlükəsizliyi üzrə qlobal reytinqdə 52-ci yerdən 31-ci yerə yüksəlib və bu sahədə ölkənin rəqəmsal inkişaf göstəricilərini üstələyib.Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin elektron hökumət sisteminə inteqrasiyası hökumətin əsas prioritetlərindəndir.

Qasımlı bildirib ki, əhali reyestrindən kənd təsərrüfatına qədər müxtəlif məlumat bazalarının vahid sistemdə birləşdirilməsi dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadi inkişafa da töhfə verəcək.

O qeyd edib ki, son illər maliyyə idarəetməsi sahəsində mühüm islahatlar həyata keçirilir və rəqəmsal infrastrukturun qurulması bu prosesin əsas elementlərindən biridir.

"Bizneslə dövlət arasında etimad nə qədər güclü olarsa, iqtisadiyyat da bir o qədər inkişaf edər. Rəqəmsallaşmanın genişlənməsi ilə informasiya təhlükəsizliyinin əhəmiyyəti daha da artır", - deyə Qasımlı bildirib.

O əlavə edib ki, Azərbaycan rəqəmsal inkişaf üzrə beynəlxalq reytinqlərdə orta mövqedə olsa da, informasiya təhlükəsizliyi sahəsində daha yüksək nəticələr nümayiş etdirir.

Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb