Azərbaycanda əkin sahələrinin 78,5 %-də biçin yekunlaşıb
İyulun 15-dək Azərbaycan üzrə payızlıq taxıl sahələrinin 78,5 %-də biçin başa çatıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 307 384 hektar buğda, 448 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 175 093 ton buğda, 1 461 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 %-də, arpa sahələrinin isə 89,3 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Artıq 13 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, Respublikanın 12 rayonunda - Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Mənbə: anews.az