Azərbaycan 2029-cu ildə əhalinin siyahıyaalınmasını rəqəmsal formatda keçirəcək - baş nazir
Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2029-cu il oktyabrın 1-dən 31-dək keçiriləcək və ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək. Bunh Baş nazir Əli Əsədov bildirib.
Əsədov siyahıyaalmaya hazırlıqla bağlı keçirilən iclasda deyib ki, Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı fərmana əsasən, məlumatlar 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə toplanacaq.
Baş nazirin sözlərinə görə, 1999, 2009 və 2019-cu illərdə keçirilən siyahıyaalmalar zamanı Azərbaycan ərazisinin bir hissəsi işğal altında olduğundan proses bütün ölkəni əhatə etməyib. “Növbəti siyahıyaalma müstəqillik tarixində ilk dəfə Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək”, — Əsədov bildirib. O deyib ki, siyahıyaalmanın hazırlanması və keçirilməsi üzrə tədbirlər planı Nazirlər Kabineti tərəfindən iki ay ərzində təsdiqlənməlidir. Dövlət Statistika Komitəsinə aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifləri bir ay ərzində Nazirlər Kabinetinə təqdim etmək və siyahıyaalmanın təqvim planını hazırlamaq tapşırılıb. Hazırlıq işlərinin əlaqələndirilməsi üçün Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.
Əsədov bildirib ki, siyahıyaalma ilk dəfə rəqəmsal texnologiyalar, inzibati reyestrlər və geoməkan məlumatlarından istifadə edilməklə keçiriləcək.
Dövlət qurumlarının informasiya sistemlərində olan zəruri məlumatların Dövlət Statistika Komitəsinin bazasına inteqrasiyası nəzərdə tutulur.
Baş nazirin sözlərinə görə, rəqəmsal həllər respondentlərin üzərinə düşən məlumat yükünü və siyahıyaalma materiallarının hazırlanması xərclərini azaltmağa imkan verəcək.
Gülnar Nazimqızl
Mənbə: anews.az