"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı "Azərenerji" ASC 2025-ci ili 128,2 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 26,2% azdır.
Şirkətin maliyyə hesabatına görə, elektrik enerjisinin satışından gəlirlər 7,8% artaraq 1,56 milyard manata çatıb. Digər gəlirlər isə 64,1 milyon manat olub.
Yığılmış zərər il ərzində 6% azalaraq 1,71 milyard manata enib.
Hesabat dövründə köhnəlmə və amortizasiya xərcləri 12,9%, işçi heyəti ilə bağlı xərclər 8,3%, təmir və texniki xidmət xərcləri isə 27,8% artıb. Xarici valyuta məzənnə fərqlərindən yaranan zərər 45,2% artaraq 98,3 milyon manata yüksəlib.
2026-cı il yanvarın 1-nə şirkətin aktivləri illik müqayisədə 8,8% artaraq 6,43 milyard manata, öhdəlikləri 9,8% artaraq 3,1 milyard manata, kapitalı isə 7,8% artaraq 3,33 milyard manata çatıb. 1997-ci ildə yaradılan və tam dövlətə məxsus olan "Azərenerji" Azərbaycanın əsas elektrik enerjisi istehsalçısı və ixracatçısıdır.
Mənbə: anews.az