Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyevlə görüşdüyünü bildirib. Bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
Cabbarovun sözlərinə görə, görüş Azərbaycan-Özbəkistan Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində baş tutub. O bildirib ki, Prezident İlham Əliyevin salamlarını Mirziyoyevə çatdırıb, Özbəkistan Prezidenti isə salamlarını Azərbaycan dövlət başçısına ünvanlayaraq iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Nazir qeyd edib ki, görüşdə dövlət başçılarının siyasi iradəsi nəticəsində ikitərəfli əlaqələrin yeni mərhələyə yüksəldiyi vurğulanıb, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qarşılıqlı ticarət və investisiyaların təşviqi, eləcə də biznes əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: anews.az