İranın İordaniyaya zərbələrində ABŞ-nin iki hərbi qulluqçusu həlak olub
İranın İordaniyada yerləşən ABŞ və müttəfiq qüvvələrinin obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələrin dəf edilməsi zamanı iki amerikalı hərbi qulluqçu həlak olub, daha biri itkin düşmüş hesab olunur. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un açıqlamasına görə, hadisə iyulun 17-də baş verib. Hücum zamanı daha dörd ABŞ hərbçisi yaralanaraq İordaniyadakı xəstəxanalara çatdırılıb.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlamışdı. SEPAH hücumların hədəflərindən birinin ABŞ-nin regiondakı əsas hərbi obyektlərindən sayılan Əl-Əzraq aviabazası olduğunu bildirmişdi.
Mənbə: anews.az