Image

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib

İyulun 18-19-da Suriyadan 7-si qadın, 9-u uşaq olmaqla ümumilikdə 16 Azərbaycan vətəndaşı repatriasiya edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, repatriasiya prosesindən əvvəl vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.

Bildirilib ki, xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrup Suriyaya ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təşkil edilib.

Məlumata əsasən, Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, həmçinin İstanbuldakı Baş Konsulluğu tərəfindən əlaqələndirmə aparılıb, repatriantlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə biletləri ilə təmin olunaraq ölkəyə gətiriliblər.

XİN qeyd edib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlər görüləcək.

Nazirlik əlavə edib ki, Azərbaycan hökuməti xarici ölkələrdə silahlı münaqişələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirləri davam etdirəcək. 

Mənbə: anews.az

Xəbər lenti

Prezident Almaniyaya gedib