Tramp Kanada mallarına 50%-lik tarif tətbiq edib
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan geniş çeşiddə məhsullara 50% gömrük tarifi tətbiq edən sərəncam imzalayıb. Yeni rüsumlar avqustun 19-dan qüvvəyə minəcək.
Ağ Evin yaydığı sənədə əsasən, qərar Kanadanın ABŞ mallarına qarşı "əsassız və qeyri-mütənasib ayrı-seçkilik və məhdudiyyətlər" tətbiq etməsinə cavab olaraq qəbul edilib.
"Kanada müəyyən xarici ölkələrlə ticarətə ABŞ ilə ticarətdən daha müsbət yanaşır", – sənəddə qeyd olunub.
Tramp daha əvvəl Kanadanın süd məhsullarına tətbiq etdiyi tarifləri "qəbuledilməz" adlandırmışdı.
Yeni tariflər şərab, xokkey çubuqları və digər istehlak malları ilə yanaşı, sement kimi sənaye məhsullarını da əhatə edir. Bununla belə, enerji məhsulları, kalium gübrələri, strateji əhəmiyyətli minerallar və balıq məhsulları yeni rüsumlardan azad olunacaq.
Ağ Ev bildirib ki, tariflərin məqsədi ABŞ istehsalçılarını qorumaqdır. Qərar Vaşinqton və Ottava arasında ticarət münasibətlərində gərginliyin daha da artdığını göstərir.
Gülnar Nazimqızı
Mənbə: anews.az