Image

Əliyev: Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir

Hazırda Azərbaycanda 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və gələcəkdə onların sayının daha da artacağına inanır. Bunu Prezident İlham Əliyev deyib. 

"Birgə investisiyalar və alman şirkətlərinin Azərbaycanda daha fəal işləməsi üçün konkret təkliflər təqdim olunacaq, - Əliyev deyib. 

Prezident energetika sahəsində əməkdaşlığa da toxunaraq vurğulayıb ki, bu ildən Azərbaycan təbii qazı Almaniyaya ixrac ediləcək.

"Bununla da hazırda Azərbaycan təbii qazı Avropa İttifaqının 10 üzv ölkəsinə nəql edilir və bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Azərbaycan Almaniyaya neft də ixrac edir. Gələcəkdə isə 'yaşıl enerji'nin də Avropaya ixracı nəzərdə tutulur. Beləliklə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımız daha da dərinləşəcək", - İlham Əliyev bildirib.

Prezident tranzit və nəqliyyat sahəsində əməkdaşlığın da əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu tamamlamaqla Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit körpüsünə çevrilib.

İlham Əliyevin sözlərinə görə, tərəflər bir sıra istiqamətlər üzrə konkret fəaliyyət planları hazırlayıblar və bu gün imzalanan sənədlərin operativ icrası üçün bir neçə işçi qrupu yaradılacaq.

Dövlət başçısı, həmçinin Almaniyanın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək, uzun illərdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdığını qeyd edib.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti