İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin geniş tərkibdə görüşü olub - Yenilənib
BERLİN, 21 iyul (Report) – Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Berlində Almaniyanın Federal Kansleri Fridrix Mertslə geniş tərkibdə görüş keçirib.
Görüşdə Azərbaycan və Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında imzalanmış sənədin əhəmiyyəti vurğulanıb. Tərəflər sənəddən irəli gələn öhdəliklərin icrası məqsədilə müxtəlif sahələr üzrə işçi qruplarının yaradılmasının və əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Müzakirələr zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və Orta Dəhlizin strateji əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolu və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Federal Kansler Fridrix Merts Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə əldə olunan irəliləyiş münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, Almaniyanın Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi istiqamətində səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
15:41
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
Mənbə: anews.az