İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə 23 İyul – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Prezidentin rəsmi internet saytında dərc olunan məktubda dövlət başçısı Misir Prezidentini və ölkə xalqını bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
İlham Əliyev məktubunda Azərbaycan ilə Misir arasında dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin mövcud səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, xalqların iradəsinə uyğun olaraq Azərbaycan-Misir dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq birgə səylərlə bundan sonra da inkişaf edəcək və daha da genişlənəcək.
Prezident İlham Əliyev məktubunun sonunda Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Misir xalqına isə əmin-amanlıq və rifah arzulayıb.
Mənbə: anews.az