Image

Azərbaycanın özəl şirkəti ABŞ-da neft-qaz yataqları aldı

Azərbaycanın özəl enerji şirkəti GL Group ABŞ-ın Texas ştatında yerləşən dörd hasilatlı neft və qaz yatağını satın alaraq onların 100 %-lik operatoru olub.

Şirkətin yaydığı məlumata görə, Midland şəhəri yaxınlığında yerləşən aktivlərə 200-dən çox işlək hasilat quyusu daxildir.

Bildirilib ki, bu sövdələşmə ilə GL Group ABŞ-da hasilat aparan neft-qaz aktivlərinə sahib olan və onları müstəqil şəkildə idarə edən ilk Azərbaycan özəl şirkəti olub.

Alınan yataqlar ABŞ-ın ən böyük neft hasilatı regionu olan Perm hövzəsində yerləşir. Şirkət hesab edir ki, bu addım 2024-cü ildə Türkiyənin upstream neft-qaz bazarına daxil olmasından sonra beynəlxalq inkişaf strategiyasının növbəti mərhələsidir və ABŞ-da gələcək fəaliyyətinin genişləndirilməsi üçün baza yaradacaq.

GL Group-un baş icraçı direktoru və Müşahidə Şurasının sədri Asif Zeynalov bildirib ki, sövdələşmə şirkətin dünyanın ən iri və rəqabətli upstream neft-qaz bazarında fəaliyyətə başlaması baxımından strateji əhəmiyyət daşıyır.

Bununla yanaşı, GL Group enerji texnologiyaları şirkəti Baker Hughes ilə beşillik strateji əməkdaşlıq sazişi də imzalayıb. Razılaşma qabaqcıl texnologiyaların tətbiqi, texniki imkanların inkişafı və əməliyyat səmərəliliyinin artırılması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Şirkətin məlumatına görə, əməkdaşlıq GL Group-un ABŞ bazarında uzunmüddətli inkişaf strategiyasını dəstəkləməyə və gələcək layihələr üçün yeni imkanlar yaratmağa xidmət edəcək.

Mənbə: anews.az

Xəbər lenti