Azərbaycan dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosialyönlü sahələrə yönəlib
Azərbaycanın 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16,78 milyard manat təşkil edib ki, bu da illik proqnozun 40,2%-nə bərabərdir. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Büdcə xərclərinin 52,4%-i və ya 8,79 milyard manatı əməkhaqları, pensiyalar, sosial müavinətlər, icbari tibbi sığorta və digər sosialyönlü istiqamətlərin maliyyələşdirilməsinə sərf olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur.
Funksional bölgüdə ən böyük xərclər müdafiə və milli təhlükəsizlik (3,44 milyard manat), iqtisadi fəaliyyət (2,58 milyard manat), təhsil (2,40 milyard manat) və sosial müdafiə (2,36 milyard manat) sahələrinin payına düşüb.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ilk yarımildə 1,06 milyard manat vəsait yönəldilib. Bunun əsas hissəsi yol və yaşayış infrastrukturu layihələrinin maliyyələşdirilməsinə sərf olunub.
Hesabat dövründə dövlət borcuna xidmət üçün 944,8 milyon manat ödənilib. İyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 6%-i, daxili dövlət borcu isə 15,98 milyard manat və ya ÜDM-in 12,2%-i səviyyəsində olub.
N.Təbrizli
Mənbə: anews.az