Image

Dövlət büdcəsi ilk yarımili 2,4 milyard manat profisitlə başa vurub

Azərbaycanın 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,18 milyard manat, xərcləri isə 16,78 milyard manat təşkil edib və nəticədə 2,4 milyard manat həcmində büdcə profisiti yaranıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, büdcə gəlirləri proqnozu 1,9% üstələyərək illik proqnozun 49,7%-i səviyyəsində icra olunub.

Büdcə gəlirlərinin 8,84 milyard manatı vergi daxilolmalarının, 6,42 milyard manatı Dövlət Neft Fondundan transfertin, 3,14 milyard manatı isə gömrük daxilolmalarının payına düşüb.

Neft Fondunun transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,76 milyard manat olub ki, bu da proqnozdan 2,8% çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar illik müqayisədə 6,8% artaraq 10,98 milyard manata çatıb və ümumi büdcə gəlirlərinin 57,3%-ni təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz bəndi yüksəkdir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti