MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Medianın İnkişafı Agentliyi (MEDİA) İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsini və həmin media orqanı ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsini pisləyib.
MEDİA-nın yaydığı bəyanatda bildirilir ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq qalmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir.
Qurum xatırladıb ki, "Media haqqında" qanunun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər tətbiq edildiyi halda, həmin dövlətin jurnalistlərinə də Azərbaycanda eyni məhdudiyyətlər qoyula bilər.
Bəyanata görə, qanunun tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İranın "Səhər" televiziya kanalı və "Mehr" xəbər agentliyinin, eləcə də bu media qurumlarının nümayəndələrinin Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir.
MEDİA həmçinin ölkədə fəaliyyət göstərən media qurumlarını və jurnalistləri milli maraqlara zidd fəaliyyət göstərən bu media subyektləri və onların nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırıb.
"Beynəlxalq media əməkdaşlığı yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi prinsipləri əsasında həyata keçirilməlidir", - bəyanatda vurğulanıb.
Mənbə: anews.az