Türkiyə Gümrüyə aparan dəmir yolunun bərpasına başlayıb
Türkiyədə Ermənistanın Gümrü şəhərinə aparan dəmir yolu xəttinin bərpasına başlanılıb. Bu barədə Akyaka meri Ərdüger Toptaş bildirib.
Toptaşın sözlərinə görə, bərpa işlərinin iki-üç ay ərzində başa çatdırılması planlaşdırılır. O qeyd edib ki, layihə çərçivəsində tikinti tenderi artıq elan olunub və tenderə Akyakadan Gümrüyə qədər torpaq yolun çəkilməsi də daxildir.
Mer bildirib ki, dəmir yolu infrastrukturunun yenidən qurulması Türkiyə və Ermənistan üçün iqtisadi baxımdan faydalı olacaq, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradacaq.
Türkiyə ilə Ermənistan arasında Akyaka–Gümrü dəmir yolu uzun illərdir fəaliyyət göstərmir. Son illərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar çərçivəsində nəqliyyat əlaqələrinin bərpası əsas müzakirə mövzularından biri olub. Dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi regionda ticarət və yükdaşımaların canlanmasına töhfə verə biləcək addım kimi qiymətləndirilir.
Gülnar Nazimqızı
Mənbə: anews.az