Image

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

İyulun 28-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli müqavilə-hüquq bazasının inkişafı ətrafında fikir mübadiləsi aparılıb. 

Məsləhətləşmələr zamanı Azərbaycan tərəfi regionda dayanıqlı sülhün təşviqi istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar problemlər, eləcə də həmin ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə məlumat verib. 

Səfər çərçivəsində Fariz Rzayev Serbiya Prezidentinin müşaviri Tatyana Yoviç və Milli Assambleya sədrinin müavini, Xarici İşlər Komitəsinin sədri Marina Raquşla görüşüb. O, həmçinin Serbiyanın Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunda təşkil olunan dəyirmi masa müzakirəsində tədqiqatçılar və ekspertlərlə fikir mübadiləsi aparıb.

Mənbə: anews.az

Xəbər lenti