Image

Aİ Rusiyanın 1 600-dən çox şirkətini hədəf alan yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi potensialını dəstəklədiyi bildirilən 1 600-dən çox Rusiya şirkətini əhatə edən yeni sanksiyalar paketi hazırlayır. Bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verib.

Mənbələrin sözlərinə görə, paket qəbul olunarsa, Aİ-nin sanksiya siyahısına daxil edilmiş Rusiya təşkilatlarının sayı təxminən 50 % artacaq. Sanksiyaya məruz qala biləcək şirkətlərin ümumi illik dövriyyəsinin 20 milyard ABŞ dollarını keçdiyi, bu müəssisələrdə isə 265 mindən çox insanın çalışdığı bildirilir.

Məlumata əsasən, bu, sanksiya siyahısına daxil ediləcək şirkətlərin sayına görə Aİ-nin Rusiyaya qarşı indiyədək hazırladığı ən geniş paket olacaq. Əvvəlki paketlərdən fərqli olaraq, yeni tədbirlərin əsasən ayrı-ayrı şirkətləri hədəf alacağı, konkret məhsullara və ya iqtisadiyyatın bütöv sahələrinə yönəlməyəcəyi qeyd olunur.

Mənbələr bildiriblər ki, paket üzərində iş bir neçə aydır davam edir. Rəsmi təklifin yaxın həftələrdə Aİ üzv dövlətlərinə təqdim ediləcəyi, sanksiyaların isə oktyabrda Aİ xarici işlər nazirlərinin iclasında təsdiqlənməsinin nəzərdə tutulduğu vurğulanır.

Bloomberg-in məlumatına görə, yeni məhdudiyyətlərin Rusiyanın neft sektoru və bank sistemini hədəf alan əvvəlki sanksiyalar qədər geniş iqtisadi təsir göstərməsi gözlənilmir.

Mənbə: anews.az

Xəbər lenti