Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək
Yaponiyanın cənubundakı Kyuşu adasında baş verən 7,1 maqnitudalı zəlzələdən sonra təxminən 300 min nəfərin təxliyəsi planlaşdırılır.Bu barədə Sky News Yaponiyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələdən sonra Kyuşuda afterşoklar davam edir və sakinlərin təhlükəsizlik məqsədilə təxliyə mərkəzlərinə yerləşdirilməsi nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatlarına dəstək üçün bölgəyə yüzlərlə hərbçi göndərilib.
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində binalara ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb və sunami xəbərdarlığı elan edilib. Xəbərdarlıq sonradan ləğv olunub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, 100-dən çox insan xəsarət alıb.
Mənbə: anews.az