Image

Azərbaycan və Koreya dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə nazirinin müavini Himalay Məmişov iyulun 28-də Koreya Fiskal İnformasiya Xidmətinin — KFIS-in nümayəndə heyəti ilə görüşüb, Maliyyə Nazirliyi bildirib.

Tərəflər dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsal transformasiyasını, maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsini, informasiya sistemlərinin inteqrasiyasını və layihə üzrə yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.

Əməkdaşlıq çərçivəsində Azərbaycanın dövlət maliyyəsinin idarə olunmasında mövcud proseslərin və informasiya sistemlərinin qiymətləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkənin ehtiyaclarına uyğun rəqəmsal həllərin hazırlanması nəzərdə tutulur. Bu zaman Koreyanın “dBrain+” dövlət maliyyəsinin idarə edilməsi sisteminin təcrübəsindən istifadə olunacaq.

Süni intellekt əsaslı həllərin tətbiqi, büdcə proqnozlaşdırılması, fiskal risklərin erkən müəyyənləşdirilməsi, audit və nəzarət infrastrukturunun təkmilləşdirilməsi, eləcə də dövlət maliyyə sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilib.

Görüşün sonunda Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi ilə KFIS arasında Azərbaycanın rəqəmsal maliyyə nəzarəti və xəzinədarlıq sistemlərinin layihələndirilməsi və onların mərhələli tətbiqi üzrə yol xəritəsinin hazırlanmasına dair memorandum imzalanıb.

Aytac Zeynalova

Mənbə: anews.az

Xəbər lenti