Türkiyədə meşə yanğınları davam edir, yüzlərlə sakin təxliyə olunub
Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda baş verən genişmiqyaslı meşə yanğını ikinci gündür davam edir və hələ də nəzarət altına alınmayıb. Bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Muğla valiliyinin məlumatına görə, təhlükəsizlik məqsədilə yanğın zonasındakı 408 evdən 703 sakin təxliyə edilib. Bundan əlavə, rayon dövlət xəstəxanasından 45 pasiyent təhlükəsiz əraziyə köçürülüb.
Hakimiyyət orqanları bildirib ki, yanğın altı yaşayış məntəqəsində ümumilikdə 55 binaya ziyan vurub, onlardan bəziləri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Yanğının söndürülməsinə 25 hava vasitəsi, 410 yerüstü texnika və 1 100 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.
NTV-nin məlumatına görə, eyni zamanda Antalya, Balıkesir və İzmir vilayətlərində də meşə yanğınları ilə mübarizə davam edir.
İlkin məlumata əsasən, yanğınlar nəticəsində insan tələfatı qeydə alınmayıb. Yerli hakimiyyət orqanları bildiriblər ki, alov turizm bölgələrini təhdid etmir, çünki yanğın ocaqları kurort ərazilərindən xeyli uzaqda yerləşir.
Türkiyə hər yay yüksək temperatur, aşağı rütubət və güclü küləklərin təsiri ilə meşə yanğınları riski ilə üzləşir. Son illərdə iqlim dəyişikliyi fonunda yanğınların miqyası və intensivliyi artıb. Hakimiyyət orqanları yanğın mövsümündə riskli bölgələrdə əlavə təhlükəsizlik tədbirləri görür və hava ilə yanaşı yerüstü qüvvələri də söndürmə əməliyyatlarına cəlb edir.
Aytac
Mənbə: anews.az