Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) faktiki olaraq fəaliyyət göstərmədiyini və təşkilatda yaranmış problemlərin aradan qaldırılmaması halında Ermənistanın öz həll yollarını axtaracağını açıqlayıb. Paşinyan bu fikirləri iyulun 30-da hökumətin iclasından sonra keçirilən brifinqdə səsləndirib.
"Aİİ ilə bağlı bütün məsələləri müvafiq platformada qaldıracağam. Əgər Aİİ Müqaviləsi faktiki olaraq işləmirsə, bu, təşkilatın özünün də fəaliyyət göstərmədiyi anlamına gəlir. Aİİ faktiki olaraq iflic vəziyyətindədir və bu tendensiya daha da dərinləşir", - baş nazir bildirib.
Paşinyan əlavə edib ki, mövcud problemlər yaxın vaxtlarda həll edilməsə, Ermənistan vəziyyətdən çıxış yollarını müstəqil şəkildə axtarmağa məcbur olacaq.
"Əgər bu məsələ tezliklə həll olunmasa, mən tam əminəm ki, bu problemi Aİİ deyil, Ermənistan özü həll edəcək", - o vurğulayıb.
Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olsa da, son illərdə İrəvanın təşkilat daxilindəki fəaliyyəti və digər üzv dövlətlərlə münasibətləri gərginləşib. Ermənistan rəhbərliyi, xüsusilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərində Aİİ və digər Rusiya rəhbərliyində olan inteqrasiya platformalarının səmərəliliyi ilə bağlı dəfələrlə tənqidi mövqe nümayiş etdirib. Paşinyanın son açıqlaması da bu narazılığın davamı kimi qiymətləndirilir.
Mənbə: anews.az