Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını rədd edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış məhkəmə hökmü ilə bağlı iyulun 30-da yaydığı bəyanatı qətiyyətlə rədd edib. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadənin şərhində bildirilib.
XİN-in açıqlamasına görə, Martin Rayan barəsində cinayət işi Azərbaycan qanunvericiliyinə uyğun araşdırılıb və məhkəmə təqdim olunan sübutlar, eləcə də irəli sürülən ittihamlar əsasında qərar qəbul edib. Bildirilib ki, apellyasiya instansiyasının qərarı da qanunvericiliyə uyğun keçirilmiş məhkəmə prosesinin nəticəsidir.
Nazirlik Fransanın məhkəmə prosesinə siyasi qiymət verməsini, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar səsləndirməsini və "əsassız saxlanılma" ilə "ədalətsiz məhkəmə araşdırması" barədə iddialar irəli sürməsini qəbuledilməz adlandırıb.
Açıqlamada qeyd olunub ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə uyğun təmin edilib. Həmçinin, Fransa səfirliyinin konsulluq nümayəndələrinin bütün məhkəmə iclaslarında iştirak etdiyi vurğulanıb.
XİN Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, ikitərəfli münasibətlərə zərər vura biləcək əsassız ittihamlardan çəkinməyə çağırıb.
Mənbə: anews.az