Image

Əliyev: Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitləri artırılacaq

Azərbaycan və Qırğızıstan Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının artırılması barədə qərar qəbul ediblər. Bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında bildirib.

Prezident İlham Əliyev fondun fəaliyyətini müsbət qiymətləndirərək, onun xətti ilə artıq bir sıra layihələrin icra olunduğunu deyib.

"Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək", – dövlət başçısı bildirib.

Prezident fondun maliyyə imkanlarının genişləndirilməsinin iki ölkə arasında investisiya əməkdaşlığının dərinləşməsinə və yeni iqtisadi layihələrin həyata keçirilməsinə töhfə verəcəyini vurğulayıb.

Azərbaycan-Qırğız İnvestisiya Fondu iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yaradılıb. Fond sənaye, kənd təsərrüfatı, logistika, infrastruktur və digər prioritet sahələrdə layihələrin dəstəklənməsini nəzərdə tutur və Bakı ilə Bişkek arasında iqtisadi tərəfdaşlığın əsas maliyyə alətlərindən biri hesab olunur.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti