Image

Seutada miqrasiya böhranı dərinləşir

İspaniyanın Şimali Afrikadakı Seuta muxtar şəhərində miqrasiya böhranı 2021-ci ildən bəri ən ciddi həddə çatıb və hökumət bölgədə asayişi bərpa etmək üçün hərbi qüvvələr yerləşdirib. Bu barədə Politico nəşri yazıb.

Böhran İspaniyanın miqrasiya siyasəti ilə bağlı daxildə və Avropa İttifaqında tənqidlərə səbəb olub. İfrat sağçı Vox Partiyasının lideri Santyaqo Abaskal vəziyyəti "işğal" kimi qiymətləndirib. Almaniya üçün Alternativ (AfD) Partiyasının həmsədri Alis Vaydel və Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber də Madridi Aİ-nin miqrasiya qaydalarına əməl etməyə çağırıblar.

İspaniya mediasının məlumatına görə, son bir həftə ərzində Mərakeşdən Seutaya üzərək və ya quru yolu ilə 1 500-dən çox qanunsuz miqrant daxil olub. Bəzi mənbələr isə bu rəqəmin 20 minə çata biləcəyini bildirsə də, rəsmi təsdiq yoxdur.

İspaniyanın Baş naziri Pedro Sançez və daxili işlər naziri Fernando Qrande-Marlaskanın iyulun 31-də vəziyyəti yerində qiymətləndirmək üçün Seutaya səfər edəcəyi gözlənilir.

Seuta və Melilya İspaniyanın Şimali Afrikada yerləşən iki muxtar şəhəridir və Avropa İttifaqının Afrika ilə quru sərhədi olan yeganə əraziləri hesab edilir. Bu səbəbdən hər iki şəhər uzun illərdir qeyri-qanuni miqrasiya marşrutlarının əsas nöqtələrindən biridir. 2021-ci ildə Mərakeşdən Seutaya qısa müddətdə təxminən 8 min miqrantın keçməsi Madrid və Rabat arasında diplomatik gərginliyə səbəb olmuş, İspaniya sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmişdi. Hazırkı hadisələr son beş ildə regionda qeydə alınan ən ciddi miqrasiya böhranı kimi qiymətləndirilir.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti