Hesablama Palatası ARDNF-yə qızıl aktivləri üzrə konsentrasiya risklərinə diqqət yetirməyi tövsiyə edib
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelində qızıl aktivlərinin payının əhəmiyyətli dərəcədə artması fonunda aktivlərin diversifikasiyasının qorunmasını tövsiyə edib.
Bu barədə Palatanın ARDNF vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilib.
Hesabata görə, 2025-ci ilin sonunda Fondun investisiya portfelinin dəyəri 73,54 milyard ABŞ dollarına çatıb. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 13,51 milyard ABŞ dolları və ya 22,5% çoxdur.
Sənədə əsasən, eyni dövrdə investisiya portfelində qızıl aktivlərinin dəyəri 12,35 milyard ABŞ dollarından 28,06 milyard ABŞ dollarına yüksəlib. Nəticədə qızılın portfeldəki xüsusi çəkisi 38,2%-ə çataraq ən böyük aktiv sinfinə çevrilib.
Hesablama Palatası bildirib ki, qızıl aktivlərinin payının qısa müddətdə əhəmiyyətli artımı nəzərə alınaraq investisiya portfelində diversifikasiya prinsipinin qorunması, qızıl üzrə konsentrasiya risklərinin qiymətləndirilməsi və strateji aktiv bölgüsünün mütəmadi yenidən nəzərdən keçirilməsi məqsədəuyğundur.
Mənbə: anews.az