Image

Bank BTB-nin bank fəaliyyəti başa çatdı, bazasında yeni BOKT yaradıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bank BTB" ASC-nin müraciəti əsasında bankın lisenziyasını ləğv edib və onun bazasında yaradılmış "T-Kredit" MMC-yə bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərmək üçün lisenziya verib.

AMB-nin məlumatına görə, bununla da Azərbaycanda fəaliyyət göstərən BOKT-ların sayı 53-ə yüksəlib.

Qurum xatırladıb ki, 5 mart 2026-cı il tarixində "Bank BTB"nin BOKT-a çevrilməsi formasında yenidən təşkilinə ilkin razılıq verilmişdi. Bu proses çərçivəsində bankın əmanətçilər və digər kreditorlar qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi planı təsdiqlənib, kreditorlar məlumatlandırılıb.

Yenidən təşkil zamanı "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ilə "Bank BTB" arasında aktiv və passivlərin ötürülməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, bankın bütün aktiv və öhdəlikləri ABB-yə ötürülüb.

Müştərilərin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən tam şəkildə ABB-yə köçürülüb, kredit portfeli üzrə tələb hüquqları da müqavilə şərtləri saxlanılmaqla ABB-yə verilib. Bununla kreditlərə xidmətin fasiləsiz davam etdirilməsi təmin olunub.

Beləliklə, "Bank BTB"nin "T-Kredit" BOKT-a çevrilməsi prosesi yekunlaşıb. Yeni kredit təşkilatı Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 9 ünvanında fəaliyyət göstərəcək.

Mənbə: anews.az

Xəbər lenti