İtaliya İspaniya ilə Şengen çərçivəsində hava və dəniz sərhəd nəzarətini müvəqqəti bərpa edib
İtaliya hökuməti İspaniya ilə Şengen zonasının sərbəst hərəkət rejimi çərçivəsində hava və dəniz əlaqələrində sərhəd nəzarətini müvəqqəti bərpa edib. Baş nazir Corcia Meloni qərarın milli təhlükəsizlik səbəbilə qəbul edildiyini bildirib.
Meloninin sözlərinə görə, tədbir milli təhlükəsizliyin qorunması və ölkə üçün yarana biləcək risklərin qarşısının alınması məqsədi daşıyır və yalnız zəruri müddət ərzində qüvvədə olacaq. O əlavə edib ki, yay turizm mövsümünə təsirin minimuma endirilməsinə xüsusi diqqət yetiriləcək.
Baş nazir bildirib ki, İtaliya eyni zamanda Avropa İttifaqının xarici sərhədlərinə nəzarətin gücləndirilməsi və yaranmış vəziyyətin aradan qaldırılması üçün İspaniyanın müvafiq qurumlarına dəstək verməyə hazırdır.
Meloni vurğulayıb ki, sərhədlərin qorunması vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması və insan alveri ilə məşğul olan cinayətkar şəbəkələrə qarşı mübarizənin tərkib hissəsidir.
Mənbə: anews.az