Azərbaycan ödəniş təşkilatlarında müstəqil şikayət mexanizmini məcburi edir
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyət qaydalarını dəyişərək, onlardan müştəri şikayətlərinə baxılması üçün müstəqil funksiyanın yaradılmasını tələb edib.
Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, hər bir ödəniş və elektron pul təşkilatı ödəniş xidməti istifadəçilərinin şikayətlərinə baxılması, onların hüquqlarının qorunması və müraciətlərin idarə olunması üçün ayrıca struktur bölmə və ya məsul şəxs təyin etməlidir. Yeni qaydalara görə, şikayətlərə baxan bölmə təşkilatın biznes əməliyyatlarından müstəqil fəaliyyət göstərməli, müraciətlərin araşdırılması üçün kifayət qədər səlahiyyətə malik olmalı və müvafiq bilik və təcrübəyə sahib əməkdaşlarla təmin edilməlidir.
Qərar həmçinin təşkilatların şikayətlərin qeydiyyatını aparmasını, onların səbəbləri üzrə statistika toplamasını, istifadəçilərin hüquqları barədə məlumatlandırmanı təmin etməsini və fəaliyyət nəticələri barədə ən azı rübdə bir dəfə Müşahidə Şurasına və ya icra orqanına hesabat təqdim etməsini tələb edir.
Qaydalara əsasən, şikayətlərə baxan bölmə Mərkəzi Bankın sorğularının cavablandırılmasını əlaqələndirəcək, istifadəçilərin maliyyə savadlılığının artırılması tədbirlərində iştirak edəcək və müştəri hüquqlarının pozulmasının qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflər verəcək.
Tənzimləyici bununla ödəniş xidmətləri bazarında istehlakçı hüquqlarının müdafiəsini gücləndirməyi və şikayətlərin vahid qaydada idarə olunmasını hədəfləyir.
Mənbə: anews.az