Image

CNN: ABŞ bu həftə sonu İrana yeni zərbələri nəzərdən keçirir

ABŞ administrasiyası bu həftə sonu İrana qarşı yeni hərbi zərbələrin endirilməsi imkanını nəzərdən keçirir. Bu barədə CNN administrasiyanın planları ilə tanış olan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, mümkün əməliyyatın miqyası və hədəfləri hələ müəyyənləşdirilməyib. Mənbələr vurğulayıblar ki, yekun qərar qəbul edilməyib və planlaşdırılan əməliyyatın ləğv edilməsi ehtimalı da qalır.

ABŞ Prezidenti Donald Tramp cümə günü keçirilən Nazirlər Kabinetinin iclasında diplomatik səylərin gözlənilən nəticəni vermədiyini bildirərək, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasının mümkünlüyünü gündəmə gətirib.

Amerikalı rəsmilərin sözlərinə görə, Tramp münaqişəyə son qoymağa çalışsa da, bu məqsədə çatmaq üçün hərbi təzyiqin artırılmasını mümkün vasitələrdən biri hesab edir.

Hələlik mümkün zərbələrin hansı obyektləri hədəf alacağı, eləcə də əməliyyatın ABŞ-ın müttəfiqlərinin iştirakı ilə həyata keçirilib-keçirilməyəcəyi barədə məlumat açıqlanmayıb.

Mənbə: anews.az

Xəbər lenti