Horadiz–Ağbənd avtomobil yolu və dəmir yolu xətti tamamlanmaq üzrədir
Horadiz–Ağbənd avtomobil yolunun tikintisi yekun mərhələyə çatıb, eyni zamanda dəmir yolu xəttinin inşası da başa çatmaq üzrədir.
Bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir sıra şirkətlər bölgədə anbar kompleksləri və logistika mərkəzlərinin yaradılması, eləcə də yükdaşıma və saxlama imkanlarının genişləndirilməsi ilə maraqlanırlar. V.Hacıyev bildirib ki, bu layihələr regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə mühüm töhfə verəcək.
Xüsusi nümayəndə qeyd edib ki, "Böyük Qayıdış" proqramı yalnız insanların doğma yurdlarına qayıtmasını deyil, həm də biznesin, təhsilin, xidmət sektorunun, yeni ideyaların və imkanların bölgəyə dönüşünü əhatə edir.
V.Hacıyev bildirib ki, dövlət bu prosesin dəstəklənməsi məqsədilə vergi və gömrük güzəştləri tətbiq edir, sahibkarlar üçün maliyyə mexanizmləri yaradır və investorlara müxtəlif dəstək tədbirləri göstərir. Onun sözlərinə görə, bunun nəticəsində kənd təsərrüfatı, logistika, xidmət, turizm və mədəniyyət sahələrində inkişaf sürətlənib.
O əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılmış Ağdam Sənaye Parkı və Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonası investisiyaların cəlb olunmasında mühüm rol oynayır. Hazırda Araz Vadisi İqtisadi Zonasında 19-dan çox rezident şirkət fəaliyyət göstərir və ya layihələrini icra edir, bəzi müəssisələr isə artıq istismara verilib və bölgəyə qayıdan sakinləri işlə təmin edir.
Mənbə: anews.az