Qarabağ Universiteti bu il 49 ixtisas üzrə tələbə qəbulu aparacaq
Qarabağ Universiteti 2026–2027-ci tədris ili üzrə 49 ixtisas üzrə tələbə qəbulu həyata keçirəcək.
Bunu universitetin rektoru Şahin Bayramov Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı bildirib.
Rektorun sözlərinə görə, universitetin əsas məqsədi yalnız müasir və peşəkar mütəxəssislər hazırlamaq deyil, həm də milli dəyərlərə sadiq, vətənpərvər və məsuliyyətli vətəndaşlar yetişdirməkdir.
"Universitet dedikdə ilk növbədə gənclər yada düşür. Burada verilən təhsilin nəticəsində həm Vətənini sevən, milli dəyərlərinə bağlı vətəndaşlar, həm də Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək peşəkar mütəxəssislər yetişəcək", - Bayramov deyib.
Qarabağ Universiteti Prezidentin 28 noyabr 2023-cü il tarixli fərmanı ilə yenidən yaradılıb və Xankəndidə fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisəsində 27 ixtisas üzrə təxminən 2 500 tələbə təhsil alır. 2026–2027-ci tədris ilindən etibarən universitetdə ixtisasların sayı 49-a çatdırılır və dövlət tərəfindən ali təhsil müəssisəsinin inkişafı üçün əlavə maliyyə vəsaiti ayrılır.
Mənbə: anews.az