Image

Gürcüstanda dövlət universitetlərində ali təhsil ödənişsiz olacaq

Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, yeni maliyyələşdirmə modeli tələbələrin təhsilə marağını və motivasiyasını qorumağa yönəlmiş mexanizmləri də əhatə edir.

"Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin motivasiyasını itirməməsini təmin etmək üçün müəyyən mexanizmlər yaradılıb", – Kobaxidze deyib.

Onun sözlərinə görə, bir semestr ərzində iki fəndən kəsilən tələbələrin növbəti semestrdən etibarən dövlət tərəfindən maliyyələşdirilməsi azaldılacaq. Baş nazir bildirib ki, bu tədbirin məqsədi tələbələrin tədris prosesində fəallığını və məsuliyyətini artırmaqdır.

Kobaxidze ölkə iqtisadiyyatının göstəricilərinə də toxunaraq qeyd edib ki, Gürcüstanda ötən ay iqtisadi artım 8,6%, cari ilin ilk altı ayında isə orta hesabla 7,9% təşkil edib. Onun sözlərinə görə, bu göstəricilər Beynəlxalq Valyuta Fondunun və digər beynəlxalq maliyyə institutlarının proqnozlarını üstələyib.

Baş nazir yüksək iqtisadi artımı korrupsiyaya qarşı mübarizənin nəticəsi kimi qiymətləndirərək, ölkədə yuxarı hakimiyyət eşelonlarında korrupsiyanın aradan qaldırıldığını və bunun iqtisadi inkişafı dəstəklədiyini bildirib.

Mənbə: anews.az

Xəbər lenti