Image

ABŞ-nin İrana zərbə planından imtina etməsindən sonra neft 4 dollardan çox ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan zərbədən imtina etməsi və Tehranla razılaşma əldə etməyə çalışacağını bildirməsindən sonra avqustun 3-də dünya bazarlarında neftin qiyməti kəskin azalıb.

“Brent” markalı neftin fyuçersləri 5,1% ucuzlaşaraq bir barel üçün 83,44 dollara, ABŞ-nin WTI markalı nefti isə 5,8% azalaraq 79,77 dollara düşüb. Ticarət zamanı hər iki markanın qiyməti 4 dollardan çox geriləyib.

Qiymətlərin azalmasına münaqişənin daha da genişlənməsi və Hörmüz boğazından neft tədarükünün pozulması ilə bağlı narahatlıqların zəifləməsi səbəb olub.

Trampın sözlərinə görə, İran və regionun digər ölkələri danışıqları başa çatdırmaq üçün əlavə vaxt istəyiblər. Bu danışıqlar Hörmüz boğazında gəmiçiliyin bərpasına gətirib çıxara bilər.

OPEC+ ölkələrinin sentyabrda hasilatı gündəlik 188 min barel artırmaq qərarı da qiymətlərə əlavə təzyiq göstərib.

Bununla belə, bazar iştirakçıları ehtiyatlı mövqelərini qoruyurlar. Danışıqların nəticəsiz qalması geosiyasi riskləri yenidən artıra və neftin bahalaşmasına səbəb ola bilər.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti