Image

Bank kartlarına mədaxil əməliyyatlarına yeni limit tətbiq ediləcək - ABA

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) bank və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin azaldılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə yeni risk əsaslı yanaşma tətbiq etmək barədə razılığa gəlib. Bu barədə ABA məlumat yayıb.

Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı və aylıq ümumilikdə 20 min manatadək mədaxil həyata keçirilə biləcək.

Bundan əlavə, banklar və elektron pul təşkilatları müştərinin hər bir hesabına bağlı maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş aləti təqdim edəcəklər. Hazırkı mərhələdə məxaric əməliyyatlarına hər hansı məhdudiyyət tətbiq olunmayacaq.

ABA bildirib ki, tətbiq ediləcək mexanizm risk əsaslı yanaşmaya söykənir və normal maliyyə əməliyyatları aparan müştərilərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşımır.

Açıqlamaya görə, müştərinin özünə və yaxın qohumlarına məxsus ödəniş alətləri arasında aparılan mədaxil əməliyyatları bu limitlərdən istisna ediləcək. Həmçinin, əməliyyatların iqtisadi mahiyyəti əsaslandırıldığı və müştərinin risk profilinə uyğun olduğu hallarda da məhdudiyyətlər tətbiq olunmayacaq.

Bildirilib ki, ehtiyac yarandıqda və müvafiq əsaslandırma təqdim edildikdə, banklar və elektron pul təşkilatları müştərilərə əlavə ödəniş alətləri də təqdim edə biləcəklər.

ABA vurğulayıb ki, yeni yanaşma sağlam ödəniş davranışına malik istifadəçilərin gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək və onlar POS-terminallar, elektron bankçılıq və digər rəqəmsal ödəniş xidmətlərindən əvvəlki qaydada istifadə etməyə davam edəcəklər.

Mənbə: anews.az

Xəbər lenti

Hövsanda su kəsiləcək