Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasının namizədi Ruben Rubinyan 9-cu çağırış Milli Məclisin sədri seçilib.
Səsvermənin nəticələrinə əsasən, seçki qutusundan 91 bülleten çıxıb və onların hamısı etibarlı hesab edilib. Ruben Rubinyanın namizədliyi 63 deputat tərəfindən dəstəklənib, 28 deputat isə əleyhinə səs verib.
Beləliklə, Ruben Rubinyan Ermənistan Milli Məclisinin 9-cu çağırışının sədri seçilib.
Rubinyan 2010-cu ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. Daha sonra University College London (UCL) universitetində Siyasət və Təhlükəsizlik üzrə magistr, Polşanın Yagellon Universitetində isə Avropa Araşdırmaları üzrə ikinci magistr dərəcəsi alıb.
2018-ci ildə Ermənistanda baş verən "məxməri inqilab"dan sonra xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin ilin parlament seçkilərində deputat seçilib. Sonrakı dövrdə Milli Məclisin Xarici əlaqələr daimi komissiyasının sədri, 2021-ci ildən isə parlament sədrinin müavini vəzifəsində çalışıb.
2021-ci ilin dekabrında Rubinyan Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi təyin olunub və bu çərçivədə Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla bir neçə görüş keçirib.
Ruben Rubinyanın namizədliyi parlamentdə çoxluğu təşkil edən "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən irəli sürülmüşdü. Fraksiya rəhbərliyi onu siyasi və diplomatik təcrübəyə malik, parlamentə effektiv rəhbərlik edə biləcək namizəd kimi təqdim etmişdi. Seçki yeni formalaşan 9-cu çağırış Milli Məclisin ilk iclası çərçivəsində keçirilib.
Gülnar Nazimqızı
Mənbə: anews.az