XİN: 2020-ci ildən bəri mina partlayışları nəticəsində 433 nəfər zərər çəkib
2020-ci il müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində Azərbaycanda 433 nəfər mina partlayışlarının qurbanı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında paylaşım edib.
Bildirilib ki, son mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb.
"Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir", – paylaşımda qeyd olunub.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatlarını davam etdirir. ANAMA-nın məlumatına görə, təkcə iyulda 8 012,7 hektar ərazi minalardan təmizlənib, 174 tank əleyhinə mina, 614 piyada əleyhinə mina və 2 106 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinin aradan qaldırılması və minatəmizləmə fəaliyyətinə dəstəyin artırılması istiqamətində çağırışlarını mütəmadi olaraq davam etdirir.Mənbə: anews.az