ATƏT sədri Kassis Azərbaycanla Ermənistan arasında sülhün çox yaxın olduğunu bildirib
İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İnyasio Kassis çərşənbə akşamı Bakıya ilk rəsmi səfəri zamanı paytaxtın inkişafını yüksək qiymətləndirib və Cənubi Qafqazda sülh perspektivlərinə dair nikbinliyini ifadə edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında çıxış edən İ.Kassis Bern və Bakı arasında siyasi dialoq, ticarət və Bretton-Vuds təsisatları çərçivəsində əməkdaşlığa söykənən möhkəm etimad mühitinin olduğunu vurğulayıb.
Diplomat Mərkəzi Asiya, Qafqaz və Avropanı bir-birinə bağlayan "Orta Dəhliz" (Middle Corridor) layihəsində Azərbaycanın strateji nəqliyyat habı kimi artan rolunu qeyd edərək, bu infrastruktura İsveçrə özəl sektorunun investisiya yatırmaq marağını diqqətə çatdırıb.
Cənubi Qafqazda sabitlik mövzusuna toxunan ATƏT sədri Bakı və İrəvan arasında davam edən danışıqlardakı irəliləyişi alqışlayıb, iki ölkə arasında davamlı sülh sazişinin imzalanmasının "artıq tamamilə real olduğunu" bildirib. O, İsveçrənin növbəti ikitərəfli görüşlərə ev sahibliyi etməyə və "yaxşı xidmətlər" göstərməyə hazır olduğunu təkrarlayıb.
Qlobal təhlükəsizlik məsələlərindən danışan İ.Kassis Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropa təhlükəsizliyi üçün əsas təhdid adlandıraraq, ATƏT çərçivəsində dialoqun saxlanmasının vacibliyini vurğulayıb. O, C.Bayramovu dekabr ayında Lüqanoda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclasına dəvət edib.
N.Təbrizli
Mənbə: anews.az