Ceyhun Bayramov Minsk qrupunun ləğvini ATƏT məkanında ilin ən mühüm hadisəsi adlandırıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İnyasio Kassis ilə keçirilən görüşdə Azərbaycan–Ermənistan normallaşma prosesinin cari vəziyyətini müzakirə edib.
Nazir çıxışında iki ölkə arasında sülh gündəliyi çərçivəsində əldə olunmuş mühüm razılaşmalara, o cümlədən birgə bəyanata, sülh sazişinin mətni üzrə irəliləyişlərə və ATƏT-ə birgə müraciətə diqqət çəkib. O vurğulayıb ki, tərəflərin birgə müraciəti əsasında keçmiş münaqişə ilə bağlı olan Minsk təsisatları ləğv edilib və bununla da ATƏT məkanında olan bir münaqişəyə tam son qoyulub. Ceyhun Bayramov bu addımı Ötən ilin ATƏT kontekstində ən əhəmiyyətli inkişafı kimi qiymətləndirib.
Eyni zamanda, xarici işlər naziri normallaşma prosesi çərçivəsində müşahidə olunan müsbət dinamikanı, o cümlədən Azərbaycan tərəfindən bir tərəfli qaydada Ermənistana neft məhsullarının təqdim edilməsini və digər praktiki addımları qeyd edib.
N.Təbrizli
Mənbə: anews.az