Image

Ceyhun Bayramov İsveçrə ilə ticarət dövriyyəsinin 1,8 milyard dollara çatdığını açıqlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İnyasio Kassis ilə keçirilən görüşün yekunlarına dair bəyanatla çıxış edib.

Nazir bildirib ki, həm təkbətək, həm də geniş tərkibli formatda aparılan danışıqlarda ikitərəfli münasibətlər, İsveçrənin ATƏT-dəki sədrliyi, regiondakı post-münaqişə vəziyyəti və Azərbaycan-Ermənistan normallaşma prosesi ətraflı müzakirə olunub. Ceyhun Bayramov iki ölkə arasında siyasi dialoqun dinamik saxlanıldığını, bu ilin aprel ayında Bakıda XİN-lər arasında siyasi məsləhətləşmələrin keçirildiyini və gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyini vurğulayıb.

İqtisadi göstəricilərə toxunan nazir diqqətə çatdırıb ki, iki ölkə arasında müqavilə-hüquq bazasını 25 sənəd təşkil edir və yeni razılaşmalar üzərində iş gedir. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi müsbət dinamika göstərərək 1,8 milyard ABŞ dollarına yaxınlaşıb. Son 30 il ərzində İsveçrədən Azərbaycana 1,6 milyard dollar, Azərbaycandan İsveçrə iqtisadiyyatına isə 2,3 milyard dollar həcmində investisiya qoyulub.

Hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib, onların 87-si fəal fəaliyyət göstərir. Nazir həmçinin bu ilin payızında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasının və biznes forumun keçiriləcəyini, energetika sahəsində isə SOCAR-ın İsveçrədəki uğurlu fəaliyyətini xüsusi qeyd edib.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Şahbuzda zəlzələ olub