Image

"Qarabağ" yatağının işlənilməsi üzrə yekun investisiya qərarı 2027-ci ildə verilə bilər — bp

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" karbohidrogen yatağının işlənilməsi üzrə yekun investisiya qərarı 2027-ci ildə qəbul edilə bilər. Bu barədə bp şirkətindən "Vesti.az"a eksklüziv olaraq bildirilib.

Şirkətdən verilən məlumata görə, bu yay yataqda seysmik tədqiqatlar tam həcmdə yekunlaşıb. Toplanmış məlumatların emalı və təhlili təxminən bir il çəkəcək, bundan sonra yatağın mənimsənilməsi Konsepsiyası hazırlanacaq. Layihə çərçivəsində dənizdə hasilat platformasının tikilməsi nəzərdə tutulmur.

Hasilat sualtı quyular vasitəsilə həyata keçiriləcək və "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun, xüsusən də "Günəşli" platformasının infrastruktura qoşulacaq. Hasil olunan karbohidrogenlər Səngəçal terminalına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql ediləcək.

Xatırladaq ki, "Qarabağ" yatağı 2020-ci ildə SOCAR və Equinor şirkətləri tərəfindən kəşf edilib. Yatağın ehtiyatları 50-60 milyon ton neft və 13 milyard kubmetr qaz həcmində qiymətləndirilir. 2025-ci ilin iyun ayında bp şirkəti SOCAR-dan layihədə 35%-lik iştirak payı əldə edib, Dövlət Neft Şirkətinin payı isə 65% təşkil edir.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti