Image

Yaş məhdudiyyətli sosial şəbəkə platformalarına görə yeni cərimələr müəyyənləşdirilib

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyən edilib.

Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun 13-4.13-cü maddəsində nəzərdə tutulan məlumatların müvafiq dövlət orqanına təqdim edilməməsi, gec təqdim olunması və ya natamam, yaxud təhrif edilmiş şəkildə təqdim olunmasına görə vəzifəli şəxslər 6 000–7 000 manat, hüquqi şəxslər isə 15 000–20 000 manat məbləğində cərimələnəcək.

Həmçinin qanunun 13-5.5-ci maddəsinə əsasən, səlahiyyətli qurumun sorğularının sosial şəbəkə platforması provayderi tərəfindən 5 iş günü ərzində cavablandırılmamasına və ya natamam, yaxud təhrif olunmuş məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər 7 000–8 000 manat, hüquqi şəxslər isə 25 000–30 000 manat məbləğində cərimə olunacaq.

Bundan başqa, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə təhlükəsizlik tələblərinin pozulmasına görə də inzibati məsuliyyət müəyyən edilib. Buraya istifadəçi hesabı yaradılarkən yaşın yoxlanılması mexanizmlərinin tətbiq edilməməsi, 16–18 yaşlı istifadəçilər üçün nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin təmin olunmaması, zərərli məzmunun yayılmasının qarşısını alan rəqəmsal həllərin tətbiq edilməməsi, şəxsi məlumatlardan qanunsuz istifadə və yetkinlik yaşına çatmayan istifadəçilərin məlumatlarının silinməsi tələblərinin yerinə yetirilməməsi daxildir.

Bu hallara görə vəzifəli şəxslər 8 000–9 000 manat, hüquqi şəxslər isə 35 000–40 000 manat məbləğində cərimə ediləcəklər.

Eyni inzibati xətaların bir il ərzində təkrar törədilməsi halında vəzifəli şəxslər üçün cərimə 9 000–10 000 manata, hüquqi şəxslər üçün isə 45 000–50 000 manata qədər artırılacaq.

Qanun rəsmi dərc edildiyi tarixdən 12 ay sonra qüvvəyə minəcək.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb