Image

Alimlərdən xəbərdarlıq - Bunu edib təyyarədə yatmaq ürəyə ziyandır

Almaniyalı alimlər spirtli içki qəbul etdikdən sonra təyyarədə yatmağın ürək sağlamlığı üçün ciddi təhlükə yarada biləcəyini aşkar ediblər.

BAKU.WS xəbər verir ki, insanlar adətən uçuşlar zamanı müşahidə olunan aşağı hava təzyiqində spirtli içki qəbul etdikdən sonra yuxuya gedir. Bu zaman qanda oksigen səviyyəsi aşağı düşür və ürək döyüntüsü sürəti artır - hətta sağlam və gənc olanlarda belə.

"Thorax" jurnalında dərc olunan məqalədə tədqiqatçılar ürək problemləri olan sərnişinlərin kruiz hündürlüyündə salon təzyiqinin azalması səbəbindən simptomlarının kəskinləşməsi riskinin yüksək olduğunu bildiriblər. Bu təsir yuxu zamanı daha da güclənir.

Onlar iddia edirlər ki, təyyarədə tez-tez istehlak edilən alkoqol da bənzər təsir göstərir. "Təyyarədə alkoqol qəbul etmək sağlamlıq üçün qiymətləndirilməmiş bir riskdir və asanlıqla qarşısı alına bilər," - deyə Almaniyanın Aviasiya Tibb İnstitutundan alimlər bildiriblər. "Bəlkə də, təyyarədə alkoqollu içkilərə girişin məhdudlaşdırılması qaydalarına yenidən baxmaq faydalı olardı", - deyə məlumatda qeyd olunub.

Tədqiqat zamanı alimlər aşağı atmosfer təzyiqində spirtli içkinin yuxuya təsirini yoxlayıblar.

Mütəxəssislər 18-40 yaş arası 48 nəfəri iki gecə ərzində iki müxtəlif şəraitdə - yuxu laboratoriyası və barokamerada müayinə ediblər. İştirakçılar gecələrdən birində spirtli içki qəbul ediblər.

Tədqiqatçılar aşkar ediblər ki, yüksək hündürlüklərdə alkoqol və aşağı oksigen konsentrasiyasının birləşməsi yuxunun keyfiyyətini azaldır, "ürək-damar sistemini sınağa çəkir" və qanda oksigen səviyyəsinin uzun müddət azalmasına səbəb olur.

"Bu nəticələr bir yerdə göstərir ki, hətta gənc və sağlam insanlarda belə, alkoqol istehlakı ilə hipobarik şəraitdə yuxunun birləşməsi ürək sisteminə əhəmiyyətli dərəcədə yük yaradır və ürək və ya ağciyər xəstəlikləri olan xəstələrdə simptomların kəskinləşməsinə səbəb ola bilər," - deyə alimlər nəticəyə gəliblər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

ADY yay qrafikinə keçir