UNOPS: Süni intellekt minatəmizləmə sahəsində inqilab yaradacaq
Süni intellekt və digər qabaqcıl texnologiyalar minatəmizləmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirə və daha təhlükəsiz edə bilər. Bunu BMT-nin Layihələrə Xidmət Ofisinin (UNOPS) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Tim Lardner Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.
“Düşünürəm ki, süni intellekt minatəmizləmə dünyasında inqilab edəcək. Xüsusilə son iki ildə texnologiyanın minaların yerinin müəyyənləşdirilməsi və onların zərərsizləşdirilməsi imkanlarına necə böyük irəliləyiş gətirdiyini görmüşük”, - Lardner deyib.
Onun sözlərinə görə, süni intellekt və qabaqcıl texnologiyaların minatəmizləmədə tətbiqi hələ ilkin mərhələdədir və Azərbaycan bu texnologiyaların tətbiqi, təkmilləşdirilməsi və proseslərin sürətləndirilməsi üçün böyük imkanlara malikdir.
Lardner bildirib ki, son 30 ildə texnologiyanın inkişafı ərazilərin tədqiqi və minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, bu sahədə çalışan mütəxəssislər və ərazilərə qayıdan insanlar üçün təhlükəsizliyi də artırıb.
O, süni intellekt, dronlar və digər texnologiyaların inkişafının qarşıdakı illərdə daha da sürətlənəcəyini gözlədiyini bildirib.
“Torpaqların tədqiqi və təhlükəsiz ərazilərin müəyyənləşdirilməsi imkanlarımız sürətlə artacaq. Texnologiyanın torpaqların daha tez istifadəyə verilməsi və həmin ərazilərdə yaşayan insanlar üçün daha təhlükəsiz mühit yaradılması məqsədilə daha effektiv tətbiq ediləcəyini gözləyirəm”, - Lardner deyib.
Gülnar Nazimqızı
Mənbə: anews.az